Рейтинговые книги
Читем онлайн Dəli Çəmənli - Vahid Çəmənli

Шрифт:

-
+

Интервал:

-
+

Закладка:

Сделать
1 2 3 4 5 6 7 8

Sözün partlaya bilməsini ilk dəfə sevimli müəllimimdən eşitdim

Tanrının sevdiyi bəndə

(El-obamızın and yeri Seyid Lazım Ağanın xatirəsinə həsr olunur)

Rəhman, Rəhim Allahın adı ilə…

Bu yazıya bir şerlə başlayıram. Elə-belə yazılmayıb bu şer… Bəlkə də neçə illərdən bəri axtardığım həyat həqiqətlərinin intizarı ilə mayalanıb. Bəlkə bu şerin odu içimə həyatımda ilk dəfə «Allah haqqı!» deyəndə düşüb? Allahın üstümdə olan haqqını anlamadan içdiyim andın ağırlığını sonralar anladım. Aşura gününə bir gün qalanda Qara müəllim mənə tapşırardı ki, Qasımov, sən dərsə gəlmə, aşura günü İmam Hüseyn məclislərinə gedən uşaqların siyahısını tut gətir. Hər dəfə də Qara müəllimə ağ vərəq verərdim. Bəlkə bu şerin toxumları o zamanlardan ürəyimdə cücərib, bitib, misra misra böyüyüb? Bilmirəm. Amma bir gün bu şer yazıldı. Dərhal facebook səhifələrində paylaşdım. Şerin ilk oxucularından biri dostum Hacı Elməddin oldu. Şer Hacının çox xoşuna gəldi. Dostumun xeyir-duasından ürəklənib, şeri bu kitaba bir müqəddəmə kimi təqdim etməyi qərara aldım:

Bir iman yeri var, min güman yeri,

İman olmayanda güman min olar.

İmanı qəlbinə çıraq eləsən,

Dünya qəmlərinə məlhəmin olar.

Halal qazancına haram qatmasan,

Kasıbı, fağırı heç unutmasan;

Özgənin haqqına əl uzatmasan,

Sənin HAQQ yanında aləmin olar.

Bəd dua eləmə bir kimə heç vaxt,

Kor şeytan önündə dayanıb sərvaxt;

Uğursuz yollara çıxma baxta-baxt,

Bu yolda çox dərdin, çox qəmin olar.

Yaxşıya yaxşı de, pisə pis demə,

Xeyir söyləyən ol, heç vaxt nəhs demə,

Bir kimə Xudadan ziyan istəmə,

Sənə də istəyən bir kimin olar.

Vahid, pozulmasın əhdin, ilqarın,

On dörd məsum olsun sevgili yarın;

Yapış ətəyindən Pərvərdigarın,

Məhşərdə əlində bir şəmin olar..

may 2011-ci il.

Nəhayət, indi sizə uzun zamanlardan bəri ürəyimdə bəslədiyim arzunu aça bilərəm. Məqsədim Tanrının sevimli bəndəsi Seyid Lazım Ağa haqqında bir yazı yazmaqdır. Uca Allahdan qarşıma qoyduğum məqsədə çatmaq üçün kömək diləyirəm. Hansı yükün altına girdiyimi çox gözəl anlayıram. Adı dillər əzbəri olan, dara düşəndə cəddindən imdad dilədiyimiz, xoş anlarda ruhuna dualar edib rəhmət oxuduğumuz, Azərbaycanımızın hər yerində adı məhəbbətlə çəkilən Seyid Lazım Ağa haqqında yazmaq oğul işidir.

Niyə mən Ağa haqqında yazı yazmaq fikrinə düşdüm? Səbəbini heç özüm də bilmirəm. 2011-ci ilin ilıq mart günlərindən birində, dostum Mahirlə Çəmənlidə, Seyid Lazım Ağanın məqbərəsini ziyarət elədik, məsciddə iki rükət ziyarət namazı qılıb, ruhuna dualar oxuduq. İşə bax, ağlım kəsəndən bəri adını müqəddəs and yerim kimi bildiyim, ehtiyac içində, sıxıntıda olduğum anlarda – uca Tanrım günahlarımı bağışlasın, – cəddinə pənah gətirərək vəsilə olmasını dilədiyim bir şəxsin məzarı önündə idim. Nə edim ki, Ulu Tanrı bu ziyarəti mənə indi qismət elədi. Nə edim ki, cənnət Qarabağımın paramparça olduğu bir zamanda, ürəyimdən axan qara qanların ağrı-acısını indi Ağa ilə bölüşə bildim.

Həyətdəki oturacaqların birində oturub, cibimdən çıxardığım kağız parçasına bir sətir yazdım:

Qiyamətdən betər gündür, ay Ağa…

Geri qayıdanda yol boyu çox dalğın idim. Dostum Mahir şirin-şirin söhbət edir, səfərimizlə bağlı aldığı təəssüratlarını bölüşürdü. Amma mənim danışmağa həvəsim yox idi. Bayaq kağız parçasına yazdığım sətir yavaş-yavaş ağlımı başımdan alırdı. Kağız-qələmi yenidən cibimdən çıxarıb, elə maşındaca sinəmin odunu onun üstünə tökməyə başladım:

Qarabağda qara günlər yaşanır,

Zaman bizi bir-bir çəkir sınağa.

Torpağımız torba-torba daşınır,

Qiyamətdən betər gündür, ay Ağa…

Vətən üçün kasıb, məzlum döyüşür,

Varlı çəkir yaxasını qırağa.

Kişilərin qiyafəsi dəyişir,

Qiyamətdən betər gündür, ay Ağa…

Baş istəyən meydanımız boş qalıb,

Nərə səsi daha gəlmir qulağa.

Əlimizdə güllə deyil, daş qalıb,

Qiyamətdən betər gündür, ay Ağa…

Bahar gedib, yay sovulub, qış qalıb,

Tənha dağlar qalıb qara, sazağa.

Yaylağımız, yurd yerimiz boş qalıb,

Qiyamətdən betər gündür, ay Ağa…

Vətənimdə yağı düşmən gəzirsə,

Dərdli Vahid necə dözsün bu dağa?

Haqqın özü haqsızlığa dözürsə, —

Qiyamətdən betər gündür, ay Ağa…

Ağdam, Çəmənli, 06 mart 2011-ci il.

Axırıncı iki sətir məni əməlli-başlı xoflandırdı. Bu nədir, Uca Tanrıya asimi oluram? Küllikainatın hər yerində haqqı bərqərar edən Rəbbimi haqsızlığa dözməkdə ittihammı edirəm? Əllərim əsdi, dizlərim taqətdən düşdü, rəngim ağappaq ağardı, gözlərimə qaranlıq çökdü. Misraların üstündən xətt çəkdim, başqa misralarla əvəz etmək istədim, amma nə qədər fikirləşdimsə ağlıma bir şey gəlmədi. Şer yazılan vərəqi cırmaq istədim. Amma cırmadım. Büküb cibimə qoydum. Hər dəfə şeri açıb oxuyanda axırıncı misralar yenə ağlımı başımdan alırdı. Bu dəfə dostum Əli mənə yardım etdi. O dedi ki, Cənabi-Haqqın haqsızlığa dözməyində bir anlaşılmazlıq yoxdur. Allaha hər şey əyandır. O haqsızlığı bir anda məhv edə bilər. Lakin, ən böyük səbr sahibi özü bizi tərbiyələndirir, səbrli olmağı öyrədir, bəlkə də layiqincə qədrini bilmədiyimiz, dəyərincə qiymətləndirə bilmədiyimiz nemətlərlə bizi imtahan edir, yenidən o nemətlərə sahib olma istəyimizi gücləndirməklə, bizi mübarizəyə – cihada çağırır. Nə gözəl… Oturub, bizə qarşı törədilən soyqırımlara görə Cənabi-Haqqa üsyan eləməkdənsə, müqəddəs Kitabımızda onun bizə etdiyi tövsiyələrlə yaşamalıyıq. Biz bunu edə bilirikmi? Danmağın nə yeri var, axı, biz hamımız bir nəfər kimi əlimizə silah alaraq quduz düşmənlə ölüm-dirim savaşına qalxmadıq. Başımızı yağlı vədlərlə aldadan əcnəbi dövlətlərin bizə yardım edəcəyinə, sadəlövhlüklə bizim əvəzimizə bizim torpaqlarımızı azad edəcəyinə inandıq. Dədə-babalarımız gözəl demişdi: «Qonşuya ümid olan şamsız qalar». Amma biz şamsız yox, Qarabağsız; – Şuşasız, Xocalısız, Ağdamsız, Laçınsız, Kəlbəcərsiz, Cəbrayıllısız, Qubadlısız, Zəngilansız, Füzulisiz, Xankəndsiz, Agdərəsiz, Xocavəndsiz qaldıq. Zəngəzurda, Göyçədə olan minlərlə obalarımız, oylaqlarımız düşmənin əlinə keçdi. Borçalıda soydaşlarımız bir küncə qısnandı. Torba-torba daşıdılar torpağımızı, analarımız-bacılarımız ağlar qaldı, balalarımız əli-qolu bağlı düşmən torpaqlarına sürüldü, «yurd balaları yadlara qul oldu» (ifadə Şahmar Əkbərzadənindir).

Ağdam dərdinə bir şair fəryadı:

Ağdam

Ağdam,

Səni düşündükcə

Parçalanır içim, çölüm,

Ağdam,

Səni əsir edib,

Yaşatdılar mənə zülüm,

Sənsiz keçən illərimi,

Hansı qara yelə verim?

Ağdam, Ağdam…

İçimdəki ağrıları

Sənə necə başa salım?

Viran olan dağlarında,

İndi necə ölüm qalım?

Ğöylərindən qopüb düşür,

Son ümidim, son xəyalım,

Ağdam, Ağdam…

Xaçınından, Qarqarından

Axan sular durularmı?

Bu zülümün haqq-hesabı

Bir kimsədən sorularmı?

Ağdam, Ağdam,

Bu haraydan

Dil usanıb, yorularmı?..

Ağdam, Ağdam…

Ölümünə fərman verən

fərmanbazlar hardadı bəs?

Bir düşünən, soran varmı,

niyə yurdum dardadı bəs?

Neçələrim didərgindi,

neçələrim gordadı bəs?

Ağdam, Ağdam…

Kim bağlayar, görəsən kim,

Bu qan verən yaraları?

Qeyrət çəkən oğulların

Seyrəlirmi sıraları?

Doğradılar dilim-dilim,

Pərən-pərən oldu elim.

Yarı qaçqın, yarı köçkün,

Yarı şəhid balaların…

Ağdam, Ağdam…

21 iyul 2012-ci il.

Gözlərimin önündə Ağdamın baş küçəsi canlanir;

O küçə ki, uzərində qoşa minarəsi buluddan nəm çəkən məcidimiz yerləşirdi. Sovet hökumətinin sərt qanunları bu minarələrdən ucalan azan səsini, «Allahu-Əkbər» sədalarını susdura bilməmişdi. Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868—1870-ci illərdə tikilib başa çatandan sonra həmişə bu məsciddə namaz qılınmışdı, dualar oxunmuşdu. Nə qədər fağır-füğəra bu məsciddə yığılan sədəqələrdən bəhrələnmişdi. Həyətində nə qədər qurbanlar kəsilərək kasıb-kusublara paylanmışdı. İndi o küçə yadıma düşəndə için-için yanıram.

Bu küçə, həmən küçə…

Bu küçə həmən küçə,

Yarı gətirən küçə,

Qoynunda alma, heyva,

Üzüm bitirən küçə…

Bu küçə həmən küçə,

Məni ötürən küçə…

Kimlər üstündən keçir?

Bizi itirən küçə.

Bu küçə, həmən küçə,

Çiçək bitirən küçə.

Vüsalımı xərcləyib,

Həsrət yetirən küçə.

Bu küçə, həmən küçə,

Aydan nur əmən küçə.

Sən yenə həmənkisən,

Mən yenə həmən küçə.

Bu küçə, həmən küçə,

Çöl-küçə, çəmən-küçə.

Niyə qaldın bu günə?

Dərdində çimən küçə…

Bu küçə, həmən küçə,

Üzümüz dönən küçə.

Haçan açar üstündə,

Nərgiz, yasəmən küçə?..

Bu küçə, həmən küçə…

Zilim yox, bəməm küçə.

Əl dəymə, yaralıyam,

Kədərəm, qəməm-küçə…

Bu küçə, həmən küçə…

Bu küçə, həmən küçə…

27 Iyun 2012-ci il.

Ağaya həsr etdiyim şerin yazılmasından bir il keçdi. 2012-ci ilin aprel ayında Əfətliyə, bacım oğlunun toyuna getmişdim. Amma bütün günüm ziyəratgahda, seyid Yusif Aganın yanında oldum. Dostum Akif, Ağaya əvvəlcədən mənim gələcəyimdən xəbər vermişdi. Bu məni Ağa ilə ilk tanışlığın sıxıntılarından nisbətən azad etsə də, onun saysız-hesabsız suallarından xilas edə bilmədi. Ağanın verdiyi suallara cavab tapa bilmədikcə, çoxlu acı həqiqətləri anlamağa başladım.

Mən bir zamanlar «yaxşı oxuyan», hər gün məktəbin radiosunda çıxış edən, sinif yoldaşı Şahin Günəşli ilə sinifləri bir bir gəzərək, pis oxuyan şagirdləri «tilova» salan, «tərbiyəli» ad çıxaran Vahid Qasımov adının tamamilə unudulduğunun şahidi oldum. Zaman mənim el-obaya olan soyuqluğumu bağışlamamışdı. Heç həmkəndlilərim də bağışlamamışdı. Sevimli müəllimlərim Bayram müəllimin, Şəmsəddin müəllimin, Allahverən müəllimin, Eyvaz müəllimin, dostum, sinif yoldaşım Allahverənin yadında qalsam da, çoxları məni tanımadı. Mən, daşını-kəsəyini belə öpüb, gözümün üstünə qoymağa hazır olduğum Çəmənlidə yad olmuşdum. Nəinki mən, mənim atam aşıq Valeh də, anam Pərizad da unudulmuşdu. Ata nənəm seyid Aynadan (nənəm Başlıbel seyidlələrinin nəslindən idi. 1935—1936-cı illərdə köçüb Qarabağa, Çəmənli kəndinə gəlmişdilər), ana nənəm Aynadan, ata babam Abbas kişidən, ana babam Usub kişidən heç danışmağa dəyməzdi. Deyiləsi dərd deyildi.

Bir zamanlar mənim ağlıma gəlmişdi axı bunlar…

Haşiyə:

Mən gedəndə Çəmənlidən…

Ağlım kəsəndən şer-sənət vurğunuyam. Hardan dolub ürəyimə, – bilmirəm. Amma, musiqi səsi məni bir anlığa da olsa yolumdan saxlayır, ürəyimə bir sərinlik, bir arxayınlıq gətirir. Uşaqlıqda ala-babat səsim də olub. Bunu mən demirəm, bunu qonşularım, sinif yoldaşlarım, müəllimlərim deyirdi. Bu da mənə qanad verirdi. Yay günləri tarlalarda işləyərdik. Günorta istirahət üçün evə gələrdik. Allahın verdiyindən yeyib-içib hərə bir yerdə dincələrdi… məndən başqa. Mən dırmanardım tut ağacına, başlayardım oxumağa… saatlarla oxuyardım. Yazıq qonşularım, nələr çəkiblər mənim oxumağımdan…Amma təəccüblüdür ki, bir dəfə də olsun, kimsə atama-anama şikayət eləmədi. Tut ağacının budağının ucuna qədər çıxardım. Ağac deyirəm ey sizə, gövdəsini üç adam qucaqlaya bilməzdi. Həyətimizdə iki tut ağacı vardı. Biri o üç adam qucaqlaya bilməyən gövdəsi olan, o biri də ondan bir az nazik…Nazik tut ağacı indi də durur. O biri isə hürriyətin ilk illərində, soyuqlu bir qış günü Əyyub kişinin baltasının qurbanı oldu. Əslində, bu ağac da o qədər nazlk deyil. Bu yaz getmişdim kəndə. Tut ağacımızı ziyarət elədim. Başımı qaldırıb ağaca baxdım. Dedim, Allah, Allah, mən bu ağaca necə çıxırdım? İndi onun ucuna nədi, heç boğazına da çıxa bilmərəm.

Hə, qonşuların məndən şikayət eləməməsi məni bir az da ürəkləndirirdi. Muğamatdan xalq mahnılarına qədər, xalq mahnılarından aşıq mahnılarına qədər nə gəldi, oxuyurdum. Söz sarıdan da kasadlığım yox idi. Bir qalın dəftərim vardı, eşitdiyim hər təzə mahnını dərhal ora yazırdım. Sonra başlayırdım məşq eləməyə. Bir-iki dəfə oxuyandan sonra olurdu halalca malım… İndi, mahnı kitabındakı bütün mahnıları əzbər bildiyimi görən oğlanlarım hərdən məndən soruşurlar ki, ay ata, bu qədər mahnının sözlərini necə yadında saxlayırsan? Nə bilim, heç özüm də bilmirəm, elə bil o sözlər mənimlə birgə doğulub.

Kəndimizin çox qəribə coğrafi mövqeyi var. Rəhmətlik Müseyib əminin evinin dalından ucsuz-bucaqsız düz başlayır. Nahaq yerə kəndə Çəmənli demirlər ki… Əgər Sovet hökuməti o düzləri əkib-şumlayıb yerində pambıq əkməsəydi, doğrudan da buralar möhtəşəm bir çəmənlik olardı. Köhnə kişilər özlərinə yurd yeri seçəndə, seçdikləri yerlərə düzgün ad verməyi də bacarırdılar. Əslində, Çəmənli bir neçə obanın ümumi adıdır. Kəndin irili-xırdalı obaları var. Burada «var idi» sözünü işlətmək daha düzgün olardı. Çünki, obalar arasında olan boş torpaqlar çoxdan yeni doğulan nəslin həyət yerlərinə çevrilib. Mənim uşaqlıq çağlarımda obalar bir-birindən aralı idi. İndi Sarısöyünlüdən Zilfilərə, oradan Bala Qışlaqla Orduqalı obasına, oradan da Böyük Qışlağa keçsən, hiss etməzsən ki, bir obadan o biri obaya keçdin. Sizin sadiq bəndəniz Sarısöyünlü obasında dünyaya göz açıb. Qeyd elədim ki, Müseyib əminin evinin dalından göz işlədikcə uzanıb gedən bir düzənlik başlayır. Bir az solda kiçik bir çəkil (tut) bağı vardı. Bu çəkil bağı Müseyib əmi ilə onun qardaşı – mənim babam Usubun ata mülkü olub. Sovet hökuməti o bağı da alıb qatmışdı kolxozun sahəsinə, amma haqq üçünə, o bağ elə bağ kimi də qalırdı. Bağ deyəndə orada turş nar kollarından, bir də çəkil ağaclarından başqa heç nə yox idi. Hə, bəzi çəkil ağaclarının yanına üzüm də əkmişdilər. Avqustun sonlarında tut sovulanda məskənimi dəyişir, ya həmın bağa ya da kəndimizin yanındakı meşəyə, gedirdim.

1 2 3 4 5 6 7 8
На этой странице вы можете бесплатно читать книгу Dəli Çəmənli - Vahid Çəmənli бесплатно.
Похожие на Dəli Çəmənli - Vahid Çəmənli книги

Оставить комментарий